'Tramp yolu' Putinlə Trampın masasında – 'Qafqaz üçün yeni Ukrayna ssenarisi...'
Putin və Trampın Alyaskada planlaşdırılan görüşündən gözləntilər nədir? Azərbaycan və Ermənistan arasındakı Vaşinqton razılaşması da masada varmı? Təhlilçilər bunu istisna etmirlər.
Tramp Alyaska sammitindən sonra 'tez' üçtərəfli görüş istəyir
ABŞ prezidenti Donald Tramp deyib ki, rusiyalı həmkarı Putinlə görüşü "normal" keçərsə, dərhal Ukrayna lideri Zelenskinin də iştirakı ilə üçtərəfli sammit keçirmək istərdi. Ancaq xəbərdarlıq edib ki, istədiyi cavabları ala bilməsə, ikinci görüş olmayacaq.
"Birinci görüşdən daha məhsuldar olacaq ikinci görüşümüzü keçirmək şansımız çox yüksəkdir", - o vurğulayıb.
"Lazımi cavabları almadığım üçün məqsədəuyğun olmadığını hiss etsəm, ikinci görüş baş tutmaya bilər", - Ağ evin rəhbəri fikrini yekunlaşdırıb.
Tramp və Putinin görüşəcəyi şəhər məlum olub
Rusiya və ABŞ prezidentləri arasında avqustun 15-nə planlaşdırılan danışıqlar Alyaskanın ən böyük şəhəri Ankoricdə baş tutacaq.
Burada 290 mindən çox insan yaşayır ki, bu da ştat əhalisinin təxminən 40 faizini təşkil edir.
Zelenski: 'Tramp və Putin bizsiz Ukrayna ilə bağlı qərar verə bilməz'
Kiyev Alyaskada ABŞ-Rusiya sammitində Ukrayna ilə bağlı onun iştirakı olmadan qəbul edilən qərarları tanımayacaq.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski avqustun 12-də "Gənclər buradadır" forumunda çıxışı zamanı deyib.
"Ukraynasız Ukrayna haqqında danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Ona görə də söhbət onların ikitərəfli gündəliyi üçün vacib ola bilər, lakin bizsiz Ukrayna ilə bağlı heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu anlayır və nəzərə alır", - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşü də planlaşdırılır, lakin onun tarixi hələ müəyyən edilməyib.