Xəbərlər
Azərbaycanda dövlət işçilərinin sayının azalması davam edir

Son bir ildə Azərbaycanda dövlət işçilərinin sayı 23 min azalıb.
Bunu Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarının təhlili üzə çıxarıb.
Komitə bildirir ki, 2025-ci il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 770.8 min nəfər olub. Onlardan 864.2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2024-cü il iyulun 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 23.3 min azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 33.3 min nəfər artıb. Beləliklə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 10 min nəfər artıb.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda əməkqabiliyyətli insanların sayı 5 milyon civarındadır. 2025-ci il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda işsizlərin rəsmi sayı 282.3 min nəfər olub. Müstəqil iqtisadçılar deyir ki, bu rəqəm həqiqəti əks etdirmir. Onların fikrincə, Azərbaycanda işsiz kimi rəsmi qeydiyyata düşmək iş tapmaqdan çətindir.
Rəsmilər rəsmi işləyənlərin sayının azalması ilə bağlı hər hansı açıqlama verməyiblər. Üstəlik, onlar son illər "iqtisadiyyatın ağardılması"ndan bəhs etsələr də, ölkədə rəsmi muzdla işləyənlərin sayında ciddi artım gözə dəymir.
FT: Avropanın silah zavodları üçqat sürətlə böyüyür

"The Financial Times" yazır ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlayandan bəri Avropa hərbi-sənaye kompleksi müəssisələrinin genişlənmə tempi üç dəfə artıb.
Nəşr 37 şirkətə məxsus 150-dən çox hərbi-sənaye obyektini araşdırıb. Jurnalistlər mindən çox peyk şəklini təhlil ediblər. Görüntülərin təxminən üçdə birində davam edən tikinti işlərini göstərən dəyişikliklər əks olunub.
Bildirilib ki, bu müəssisələrin sahəsi 7 milyon kvadratmetr artıb. Əgər 2021-ci ildə 0.79 kvadratkilometr sahədə iş aparılırdısa, 2024-cü ilin yazında tikinti sahəsi 3.02 kvadratkilometr, bu ilin yazında isə 2.8 kvadratkilometrə çatıb.
Son üç ildə hərbi-sənaye kompleksində ən böyük layihələrindən biri Almaniyanın "Rheinmetall" şirkəti ilə Macarıstanın 7 nömrəli dövlət müdafiə holdinqinin birgə layihəsi olub. Bu layihə çərçivəsində "Rheinmetall"ın "KF41 Lynx" piyada döyüş maşını üçün 30 mm-lik sursat istehsal olunur, gələcəkdə "Leopard" və "Panther2" tankları və digər silah növləri üçün sursatın istehsalı planlaşdırılır.
Təhlil edilmiş 150 hərbi-sənaye obyektinin 88-i Avropa İttifaqının 500 milyon avro ayırmağı nəzərdə tutduğu silah istehsalına dəstək proqramı çərçivəsində maliyyələşdirilir.
Avropada yenidən silahlanmanın olduğunu qeyd edən "The Financial Times" sülh dövrünə xas istehsaldan daha dayanıqlı müharibə aparılması üçün sənaye bazasının yaradılmasına doğru keçidi vurğulayır.
Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayıb

Avqustun 12-də "EAGLE PARTNER 2025" Ermənistan-ABŞ birgə hərbi təlimlərinə start verilib.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasiminə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn, yüksəkrütbəli hərbçilər və qonaqlar qatılıblar.
Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçirilən təlimlər avqustun 20-dək davam edəcək. Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunublar.
Məhəmməd Kekalova vəkili ilə danışmağa icazə verilmədiyi deyilir

"AbzasMedia işi" çərçivəsində həbs edilən Məhəmməd Kekalova vəkili ilə telefonla əlaqə saxlamasına imkan verilmədiyi bildirilir.
Bu barədə məlumatı həmin nəşrə onun ailəsi verib.
Ailəsinin sözlərinə görə, Kekalov bu gün, avqustun 12-də saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleksdən vəkilinə zəng etmək istəyib, lakin həbsxana işçiləri buna icazə verməyib, telefon dəstəyini əlindən zorla alaraq yerinə qoyublar. Vurğulandığına görə, ona yalnız həbsxana rəisinin icazəsindən sonra vəkilinə zəng edə biləcəyi deyilib.
Bu məlumata Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma həmin qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı deyilib ki, məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.
M.Kekalov 2025-ci il iyunun 20-də 7 il 6 ay azadlıqdan məhrum edilib. O, "AbzasMedia işi"ndə digər altı nəfərlə birlikdə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətlərini ehtiva edən səkkiz maddə ilə ittiham olunub.
Həmin iş üzrə AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə, "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı 9 il, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova isə 8 il azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslərin hamısı ittihamları rədd edir və həbslərinin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.
"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlamışdı.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.
Azərbaycanda ÜDM cüzi artsa da, o, 'kasıb' qonşusundan çox geri qalır
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 72 milyard 430 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
Bu barədə bu gün, avqustun 12-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Qurum bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.9 faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3.3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3.1 faiz artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 min 77 manata bərabər olub.
2024-cü ildə isə ölkədə 126.3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4.1 faiz çox ÜDM istehsal olunduğu açıqlanmışdı. Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 382.5 manata bərabər olmuşdu.
Azərbaycanda ÜDM cüzi artsa da, o, bir çox qonşulardan həmin sahədə geridə qalır. Məsələn, Azərbaycandan fərqli olaraq zəngin neft və qaz yataqlarına malik olmayan Gürcüstanda 2025-ci ilin iyununda real iqtisadi artım 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6.3 faiz təşkil edib.
2025-ci ilin birinci yarısında Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir 2 milyard dollara çatıb ki, bu da 2024-cü eyni dövrünə nisbətən 6.2 faiz çoxdur.
Gürcüstanın ÜDM-i 2024-cü ildə isə 9.4 faiz artmışdı.
Sankt-Peterburqda xaricilərə kuryerlik qadağan edilib

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərdə miqrantların kuryer kimi işləməsini qadağan edən qərar imzalayıb. Bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "qəbul olunan qərar kölgə məşğulluğu ilə mübarizə, kuryer xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, həmçinin Rusiya vətəndaşları, ilk növbədə də gənclər və tələbələr üçün yeni iş yerlərinin yaradılmasına yönəlib".
Qubernatorun ofisi deyib ki, xarici kuryerlər ümumi kuryer sayının "cüzi" hissəsini təşkil edir, ona görə də yeni qərar çatdırılma bazarına təsir etməyəcək. Yeni qayda üç ay sonra qüvvəyə minəcək.
Bu il iyulun sonunda məlum olub ki, Sankt-Peterburq qubernatoru miqrantların şəhərdə taksi sürməsini və icarəyə götürülmüş şəxsi avtomobillərlə işləməsini də qadağan edib.
2025-ci ilin əvvəlinə olan məlumata görə, Rusiyanın 47 regionunda miqrantların taksi və ictimai nəqliyyatda, 39 regionunda ticarətdə, 27 regionunda təhsildə, 19 regionunda isə tibb sahəsində işləməsi qadağan edilib. Bəzi ərazilərdə regional hakimiyyət orqanları, əsasən, yardımçı işlərdə çalışanlar və təmizlik işçiləri üçün istisnalar edir.
Son illərdə Rusiya hakimiyyəti miqrantları xırda qayda və hüquq pozuntularına görə "nəzarət olunan şəxslər" reyestrinə salır, miqrantları vətəndaşlıqdan məhrumetmə səbəblərinin siyahısını genişləndirir. Miqrantların uşaqları ümumtəhsil məktəblərində oxuya bilmək üçün rus dili üzrə qəbul imtahanı verməyə məcbur edilir və uşaqların məlumatları, eləcə də imtahan nəticələri DİN-ə ötürülür. Miqrant yataqxanalarında tez-tez polis reydləri keçirilir, bu reydlərdə saxlanılanlar Ukraynada müharibəyə göndərilməyə məcbur edildiklərini bildirir.
Ötən ilin martında "Crocus City" konsert məkanına terror hücumundan sonra Rusiyada əmək miqrantlarına qarşı siyasət kəskin şəkildə sərtləşib. Tacikistan vətəndaşları terror hücumunu törətməkdə ittiham olunub.
Tramp Çin idxalına yeni tariflərin dondurulmasını daha 90 gün uzadıb

ABŞ prezidenti Donald Tramp idxal olunan Çin mallarına ticarət rüsumlarının artırılmasını donduran fərman imzalayıb. Vaşinqton və Pekin arasında ticarət danışıqları üçün ayrılmış son müddətin bitməsinə bir neçə saat qalmış qüvvəyə minən qərar 90 gün qüvvədə olacaq.
Yazda Tramp Çin mallarına tətbiq olunan rüsumları əvvəlcə 125, sonra isə 145 faizədək artırıb, daha sonra bu qərar qarşılıqlı ticarət güzəştləri ilə bağlı danışıqlar müddətində təxirə salınıb. Avqustun 12-nə keçən gecə Vaşinqton və Pekin arasında ticarət müharibəsindəki "müvəqqəti atəşkəs"in müddəti başa çatırdı.
Əvvəl tətbiq edilmiş rüsumlardan əlavə, Trampın daha bir təşəbbüsü Çinin ABŞ-yə ixracına təhlükə yaradır. Bu, Trampın Rusiyanın ticarət tərəfdaşlarına qarşı vəd etdiyi rüsumların artırılması ilə bağlıdır. Avqustun əvvəlində prezident Tramp bu qərarın Pekinə də şamil oluna biləcəyini istisna etməyib. Çin isə Rusiyadan neft alışını dayandırmağı planlaşdırmadığını açıq şəkildə bəyan edib.
ISW: Putin ABŞ ilə Avropanın arasını vurmağa çalışır

ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, Kreml Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitindən Ukraynada sülhün əldə olunması istiqamətində səylər göstərməkdənsə, ABŞ və Avropa arasında ixtilaf yaratmağa çalışacaq.
Rusiya rəsmilərinin bəyanatlarını təhlil edən ISW analitiklərinin qənaəti budur ki, Rusiya öz əsas məqsədlərində güzəştə getmək istəmir. Bu məqsədlər isə Ukraynanın NATO-ya üzvlüyünə mane olmaq, Ukraynada hakimiyyəti rusiyayönlü hökumətlə əvəzləmək və Ukraynanın demilitarizasiyasını ehtiva edir ki, bu da ölkənin tam təslim olması deməkdir. ISW ekspertlərinin fikrincə, Rusiya, çox güman ki, gələcək atəşkəs razılaşmalarını pozacaq və Ukraynanı bu cür pozuntularda ittiham edəcək.
ISW Avropanı ABŞ-nin Ukraynada müharibəni dayandırmasına mane olmaqda ittiham edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə diqqət çəkib.
Rusiyalı politoloq Sergey Markov isə avqustun 10-da "The Washington Post"a müsahibəsində bildirib ki, Putinin Alyaska sammitində əsas vəzifəsi Ukraynada sülhə maneə kimi Rusiyanı deyil, Ukrayna və Avropanı təqdim etməkdir. O, həmçinin qeyd edib ki, Rusiya heç bir güzəştə getməyəcək.
D.Tramp və V.Putin arasında görüşün avqustun 15-də Alyaskada baş tutacağı gözlənilir.
Rusiya 2014-cü ildə Krım yarımadası və şərqi Ukraynanın bir hissəsinə nəzarəti ələ keçirib. Moskvanın Rusiyaya aid olduğunu iddia etdiyi Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin əhəmiyyətli hissələri də daxil olmaqla, ölkənin beşdə birini işğal edib.
Azərbaycan sənayesində düşüş sürətlənir
Azərbaycan sənayesində düşüş davam edir. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, avqustun 11-də yaydığı məlumatda bildirilir.
Məlumata görə, ölkənin sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2025-ci ilin yanvar-iyul aylarında 36.6 milyard manatlıq məhsul istehsal ediblər. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.3 faiz azdır.
"Neft-qaz sektorunda məhsul istehsalı 3.5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5.5 faiz artmışdır", - məlumatda əlavə edilir.
Vurğulanır ki, sənaye məhsulunun 61.5 faizi mədənçıxarma sektorunun payına düşür.
DSK bir ay əvvəl isə bildirmişdi ki, ölkə sənayesində bir il əvvəl ilə müqayisədə 1.9 faiz geriləmə var.
Son illər həm Azərbaycanda neft hasilatında, həm də neft-qaz sektoruna investisiya qoyuluşunda azalma müşahidə edilir.
Azərbaycanın ixracının təqribən 90 faizi neft və qaz sektorunun payına düşür.
Azərbaycanda dana əti yenə bahalaşıb

Son həftələr Azərbaycanda heyvan əti yenidən bahalaşıb. Xüsusilə də, bu, özünü daha çox dana ətinin qiymətində göstərməkdədir.
Azərbaycanın bir çox rayonlarının, eləcə də paytaxt Bakının bəzi sakinlərinin AzadlıqRadiosuna demələrinə görə, son həftələr dana əti təqribən 15 faiz bahalaşıb. "Yaxın həftələrə qədər dana ətinin kiloqramını 13-14 manata satırdıq. İndi isə 16 manata satırıq. Bu, bir bizdə belə deyil. Ətraf rayonlarda da bahalaşma gedib", - Qobustan şəhərində ət satıcılarından biri AzadlıqRadiosuna deyib.
Satıcı əlavə edib ki, son həftələr hava kəskin istiləşib, qoyun ətinə tələbat azalıb, müştərilər daha çox dana, inək ətinə üstünlük verir.
Məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Bundan əvvəlki illərdə də Azərbaycanda ətin qiymətində ciddi bahalaşma müşahidə edilib. Elə ötən il də ölkədə dana ətinin kiloqramının təqribən 2 manat bahalaşdığı, 12 manatdan 14 manata yüksəldiyi (15 faizdən çox) açıqlanmışdı. Amma onda dana əti ilə yanaşı, qoyun ətinin də bahalaşdığı vurğulanırdı. Bahalaşmaya əsas səbəb kimi yem məhsullarının qiymətlərində artım və son illər pambıq əkini ilə bağlı ölkədə örüş yerlərinin azalması göstərilirdi.
Halbuki, rəsmi məlumata görə, ötən il ölkədə inflyasiya 4.9 faiz olub. Ərzaq məhsullarının isə cəmi 5.5 faiz bahalaşdığı açıqlanmışdı.
Ailəsi düşünür ki, həbsdə Bəxtiyar Haciyevlə əsir kimi davranılır

Ailəsi həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin səhhəti və hüquqi vəziyyəti ilə bağlı narahatdır.
Yaxınları bildirilir ki, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində tutulan Hacıyevin saxlanma şəraiti insan hüquqları baxımından ciddi pozuntularla müşayiət olunur. Ailəsinin verdiyi məlumata əsasən, ictimai fəal kobud rəftara məruz qalır və ona vəkili ilə görüş icazəsi verilmir.
"Onunla əsir kimi davranılır və özü də bu vəziyyəti əsirlik kimi qiymətləndirir. Psixoloji və fiziki təzyiqlər altındadır, ağır durumdadır. Onun hüquqi müdafiə hüququ ciddi şəkildə pozulub. Görüntülü danışa bilmirik. Digər məhbuslara bu imkan yaradılır, lakin Bəxtiyara bu hüquq qəsdən verilmir", - yaxınları bildirilib.
Hacıyevin ailə üzvləri habelə vurğulayırlar ki, onun səhhəti pisdir və tibbi yardıma ehtiyacı var: "Ona lazımi tibbi xidmət göstərilmir. Yalnız bir dəfə böyük çətinliklə kardioqrama edilib. Bundan əlavə, ondan qan analizi də götürülüb, lakin artıq bir həftə keçməsinə baxmayaraq, nəticələr hələ də təqdim olunmayıb".
Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma qurumdan, bir qayda olaraq, bildirirlər ki, cəzaçəkmə müəssisələrində məhbuslar ayrıseçkiliyə məruz qalmır, onlarla qanun çərçivəsində davranılır.
Xatırlatma
B.Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Bu ilin yanvarında Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
B.Hacıyev irəli sürülən ittihamları qəbul etmir, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Hacıyevin həbsini siyasi motivli hesab edir.
Bəzi hüquq müdafiəçilərinin açıqlamasına görə, Azərbaycanda hazırda 370-dən çox siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmir. Onların vurğulamasına görə, siyasi məhbus siyahısına salınan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Bu, Harvard Universitetinin məzunu olan B.Haciyevin Azərbaycanda ikinci həbsidir. Bundan əvvəl o, ordudan yayınmada günahlandırılsa da, ictimai fəal ittihamı siyasi sayıb.
Moskva Ukrayna qüvvələrinin Donetsk və Luqanskdan çıxarılmasını tələb edir

Moskva Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk vilayətlərindən çıxarılmasını tələb edir. Əvəzində isə Rusiya ordusu Zaporojye və Xerson vilayətlərində hücum əməliyyatlarını dayandıracaq. "Bloomberg" yazır ki, bu tələblər Ukraynada sülhün təmin olunması məqsədilə mümkün razılaşma çərçivəsində səsləndirilir.
Agentliyin məlumatına görə, belə bir razılaşma Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüşdə müzakirə olunacaq. Bu görüşün gələn həftə baş tuta biləcəyi bildirilir. ABŞ-nin Kiyevin və Avropadakı müttəfiqlərinin razılığını almağa çalışdığı vurğulanır.
Mənbələrə görə, razılaşmanın məqsədi münaqişəni dondurmaq və uzunmüddətli sülh danışıqlarına yol açmaqdır. "Bloomberg" qeyd edir ki, Ukrayna və Avropanın bu planı qəbul etməsi məsələsi, hələlik, qeyri-müəyyəndir.
Putin və Trampın görüşünə hazırlıq barədə məlumat bir gün əvvəl yayılıb. Moskva görüşün keçiriləcəyi məkanın artıq seçildiyini bildirir, lakin Vaşinqton bunu təsdiqləmir.
"Sky News" və "Fox News" öz mənbələrinə istinadla Tramp-Putin görüşünün Vatikanda keçirilə biləcəyini iddia edir. TASS-ın mənbələri isə bu ehtimalı inkar edir.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti faktiki tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.
Rusiya-Gürcüstan müharibəsinin 17-ci ili. Bakı Gürcüstanın ərazi bütövlüyünə dəstək bildirir

Avqustun 8-də 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında 5 günlük müharibənin 17-ci ili tamam olur.
Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında Gürcüstanda münaqişənin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh yolu ilə həllinə tam dəstəyini bildirib.
XİN qeyd edib ki, Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə avqustun 8-də deyib ki, Gürcüstanın ərazi bütövlüyünün bərpasının yeganə yolu sülhdən keçir, separataçı bölgələrin müstəqilliyini nə birbaşa, nə də dolayısı ilə tanımaq mümkündür. Bununla o, Cənubi Osetiya liderlərinin regionun müstəqilliyinin tanınması və güc tətbiq etməmə haqqında sazişi imzalamaq çağırışlarına cavab verib.
Özünü müstəqil elan etmiş Abxaziya Respublikasının xarici işlər nazirinin müavini Odissey Biqvava Kobaxidzenin bəyanatını "Tbilisinin dialoqa hazır olmadığını göstərən dağıdıcı addım" adlandırıb.
Kobaxidze Rusiya-Gürcüstan müharibəsində həlak olanların xatirə memorialına gül qoyandan sonra danışıb. O, 8 avqustu ozamankı hakimiyyətin “ən ciddi avantürası, xəyanəti” olduğunu deyib.
Gürcüstan və beynəlxalq tərəfdaşları Abxaziya və Cənubi Osetiyanı Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazilər hesab edirlər. Bu bölgələrin müstəqilliyini yalnız Rusiya, Nikaraqua, Venesuela, Suriya və Nauru tanıyır.
2008-ci ilin avqust müharibəsində 228 gürcü mülki vətəndaşı və 14 polis əməkdaş, 170 hərbi qulluqçu da həlak olub. Ümumilikdə 1747 nəfər yaralanıb. Təxminən 150 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb, onlardan 30 min nəfər isə hələ də məcburi köçkün vəziyyətindədir.
Moskva, Suxumi və Tsxinvali Tbilisidən güc tətbiq etməmə sazişini imzalamağı və "yeni reallıqları" tanımağı tələb edirlər.
Rumıniya Azərbaycandan aldığı neftin çirklənməsində Rusiya izini araşdırır

Rumıniya hakimiyyət orqanları "OMV Petrom"un "Petrobrazi" neft emalı zavodu üçün nəzərdə tutulmuş Azərbaycan xam neftinin qəsdən çirklənməsində Rusiyanın potensial təxribatını araşdırır. Bu barədə G4media.ro məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazıb.
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Azərbaycandan Rumıniyaya daşınan xam neftin tərkibində təhlükəli dərəcədə yüksək miqdarda xlor aşkar edilib. Bildirilib ki, çirklənmə neft emalı zavodunun infrastrukturunda ciddi korroziyaya, bununla da milli yanacaq təchizatında böhrana səbəb ola bilərdi.
"OMV Petrom" yaydığı açıqlamasında çirklənmənin planlı keyfiyyət yoxlamaları zamanı aşkar olunduğunu bəyan edib. 1700 kilometrlik Bakı–Tbilisi–Ceyhan boru kəmərinin operatoru olan "BTC Pipeline Company" də insidenti təsdiqləyib.
G4media.ro saytının istinad etdiyi mənbələrə görə, çirklənmə boru kəmərinə xlor maddəsinin yeridilməsi yolu ilə həyata keçirilə və bu, Rusiya tərəfindən hibrid müharibə taktikası kimi qiymətləndirilə bilər.
Eyni partiyaya aid çirklənmiş xam neft digər Avropa ölkələrinə də çatıb.
İtaliyanın enerji şirkəti ENI "Reuters" agentliyinə təsdiqləyib ki, onun emal zavodlarından biri çirklənmiş xam neft qəbul edib.
Eyni xam nefti emal etməli olan Çexiyanın "Orlen Unipetrol" şirkəti isə mümkün zərərlərin qarşısını almaq məqsədilə fəaliyyətini müvəqqəti dayandırıb.
Rumıniya hökuməti hadisəyə görə məsul olan tərəflərin kimliyini rəsmi şəkildə açıqlamayıb. Lakin təhlükəsizlik mənbələri bu hadisəni enerji infrastrukturuna yönəlmiş düşmən xarakterli sabotaj aktlarının əvvəlki nümunələri ilə müqayisə edir.
Rusiya övladlığa götürülə bilən ukraynalı uşaqların siyahısını yayıb

Ukraynanın işğal olunmuş Luqansk vilayətində Rusiyanın təyin etdiyi Təhsil və Elm Nazirliyi axtarış funksiyalı məlumat bazası yayımlayıb. Bu bazada ukraynalı yetim uşaqlar övladlığa götürülməyə "hazır" kimi təqdim olunub.
"Meduza" nəşri xəbər verir ki, məlumat bazasında 17 yaşından kiçik 294 uşağın profili yer alır. Hər profilə uşağın adı, fotosu, şəxsiyyəti və maraqları barədə qısa təsvir daxildir. İstifadəçilər profilləri cins, yaş, göz və saç rəngi, həmçinin uşağın bacı-qardaşının olub-olmamasına görə filtrləyə bilirlər.
"Onların uşaqlarımızı təsvir etmə tərzi kölə kataloqundan fərqlənmir. Bu, müasir dövrün uşaq alveridir və dünya buna son qoymalıdır", - "Ukraynanı Qoru" (Save Ukraine) təşkilatının rəhbəri Mikola Kuleba bildirib.
Kulebanın sözlərinə görə, verilənlər bazasında yer alan uşaqların çoxu Rusiya qüvvələri Luqanskı işğal etməzdən əvvəl doğulub və Ukrayna vətəndaşlığına malikdir. Onların bəziləri Rusiya hücumları nəticəsində valideynlərini itirib, digərlərinə isə onların köçürülməsini qanuniləşdirmək məqsədilə Rusiya sənədləri verilib.
"Novaya qazeta" xəbər verir ki, analoji övladlığa götürmə məlumat bazası daha əvvəl 2021-ci ildə "Luqansk Xalq Respublikası" Əmək Nazirliyinin saytında dərc edilib.