Moskva Azərbaycanda saxlanan rusiyalıların tezliklə azad edilməsi və evlərinə qayıtması variantları üzərində Bakı ilə iş aparır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev brifinqdə bildirib.
"Belə bir qərar Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin sabitləşməsi prosesində mühüm addım olardı", - Fadeyev vurğulayıb.
Hələlik, bu açıqlamaya Azərbaycanın rəsmi orqanlarından hər hansı münasibət bildirilməyib.
Xatırlatma
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma daha sonra Azərbaycan diasporunun bəzi üzvləri də saxlanıb.
Bundan bir neçə gün sonra – iyunun 30-da Azərbaycanda narkotik və kibercinayətlərlə əlaqədar Rusiya vətəndaşlarının saxlandığı bildirilib, yayılan görüntülərdə tutulanların üzərində zorakılıq izləri müşahidə olunub.
İyulun 1-də də "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialı olan "Sputnik-Azərbaycan"ın rəhbərliyi həbs edilib.