Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyev məhkəmədə deyib ki, cinayət törətdiyinə görə yox, siyasi baxışlarına görə həbsdədir.
Yasamal rayon Məhkəməsində onun ev dustaqlığına buraxılmasından ötrü verilmiş vəsatətə baxılıb. N.Tağıyevin vəkili Nemət Kərimli bildirib ki, müvəkkilinin həbsdə saxlanmasına heç bir əsas yoxdur. Vəkil vurğulayıb ki, N.Tağıyev 3 aya yaxındır həbsdə saxlansa da, onunla bağlı aktiv istintaq hərəkətləri aparılmır: "Onun həbsdə saxlanmasını əsaslandıracaq konkret fakt, sübut-dəlil yoxdur. "İstintaqdan yayına bilər" kimi ümumi ifadələrlə kimisə həbsdə saxlamaq yolverilməzdir".
Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, N.Tağıyev də həbsinə etiraz edib. O bildirib ki, dələduzluq ittihamı saxtadır, heç bir cinayət törətməyib: "Mən siyasi sifarişlə həbs olunmuşam, bu dələduzluq ittihamı da quramadır".
Müstəntiqsə istintaqın davam etdiyini, təqsirləndirilən şəxs həbsdən buraxılsa, istintaqdan yayına biləcəyini, prosesin gedişini əngəlləyəcəyini söyləyib.
Hakim Sevinc Quliyeva N.Tağıyevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.
Vəkil bu qərardan apellyasiya şikayəti verəcək.
Xatırlatma
Novruz Tağıyev mayın 20-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanır. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Ev alqı-satqısında vasitəçiliklə məşğul olan N.Tağıyev mənzil satışı adıyla Nicat adlı şəxsdən 71 min manat almaqda təqsirləndirilir.
N.Tağıyev özünü təqsirli bilmir. Onun sözlərinə görə, həbsindən bir neçə gün öncə Nicat adlı şəxs ev almaq istəyini dilə gətirib və ev tapılandan sonra beh kimi min manat verib: "Behi də ev sahibinə verdik. Bir gün sonra Nicat qaynı kimi təqdim olunan adamla ofisə gəldi. Əlində də ətir və bağlama vardı. Dedi ki, evə görə təşəkkür edirəm. Guya onlardan 71 min pul almışam. Kim alqı-satqısız adama 71 min pul verər?".
İctimai fəal Rail Abbasov da bənzər ittihamla həbsdədir. O da bildirir ki, mənzil satışına görə ona gətirilmiş "şirinlik" şokolad torbası pul kimi təqdim edilib.