Azərbaycanda biçin sahəsi azalıb, amma məhsuldarlıq artıb.
Bu barədə bu gün, avqustun 14-də Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Avqustun 12-nə olan məlumata əsasən, payızlıq-yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə 939.1 min hektar sahənin 924.4 min hektarı (98.4 faizi) biçilərək məhsulu yığılıb: "Sahələrdən 2 milyon 971.8 min ton məhsul toplanmış, məhsuldarlıq 32.1 sentnerə bərabər olub. Məhsulun 1 milyon 582.8 min tonunu və yaxud 53.3 faizini buğda, 1 milyon 349.9 min tonunu (45.4 faizini) arpa... təşkil edib".
DSK düz bir il əvvəl bildirmişdi ki, 995.7 min hektar sahənin 979.3 min hektarı (98.3 faizi) biçilərək məhsulu yığılıb: "Sahələrdən 2 milyon 937.3 min ton məhsul toplanmış, məhsuldarlıq 30 sentnerə bərabər olub. Məhsulun 1 milyon 680.3 min tonunu və yaxud 57.2 faizini buğda, 1 milyon 227.4 min tonunu (41.8) arpa... təşkil edib".
Başqa sözlə, ötən ilə nisbətən əkin sahələri 5.7 faiz azalsa da, məhsul 1.2 faiz artıb. Hərçənd, buğda yığımı 5.8 faiz aşağı düşüb.
Biçin xərci də artıb
Adının çəkilməsi istəməyən bir fermer AzadlıqRadiosuna deyib ki, biçin mövsümünün əvvəlində kombaynı sarıdan qıtlıq çəkiblər, bununla belə problem tədricən yoluna düşüb. "Amma biçin xərcində artım oldu. Ötən illə müqayisədə bir hektarın biçininə görə xidmət haqqı təqribən 5 manat bahalaşıb", - o əlavə edib.
Azərbaycanda dizel yanacağı elə ötən il iyulun 1-dən bahalaşıb. Tarif Şurasının qərarı ilə dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.