Azərbaycan Xəzərdə təlim keçirib [Video]

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə avqustun 14-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Bildirilib ki, təlimin məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

"Plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə fəaliyyətləri icra ediblər...", - məlumatda əlavə edilib.

Xəzər dənizi beş ölkənin payına düşür. Bura Azərbaycandan başqa Rusiya, İran, Türkmənistan və Qazaxıstan daxildir.

Təlimin cari ilin hazırlıq planına əsasən keçirildiyi bildirilsə də, o, qonşu Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir.

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah edib. Amma daha sonra Azərbaycan diasporunun bəzi üzvləri də saxlanıb. Bundan sonra Azərbaycanda narkotik və kibercinayətlərlə əlaqədar Rusiya vətəndaşlarının saxlandığı, "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialı olan "Sputnik-Azərbaycan"ın isə rəhbər şəxslərin həbs edildiyi açıqlanıb.

Avqustun 8-də isə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Birgə Bəyannamə imzalayıb. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq.

Bundan sonra həm Rusiyadan, həm də İrandan Azərbaycana qarşı ayrıca tənqidlər də eşidilib.