Aİ Vaşinqton razılaşmalarını dəstəkləyir

Azərbaycan, Aİ və Ermənistan bayraqları

Avropa İttifaqı (Aİ) Vaşinqtonda Ermənistan və Azərbaycanın əldə etdiyi razılaşmaları və regional əlaqələrin möhkəmləndirilməsinə dəstək verməyə hazırdır. Bunu Aİ Şurasının prezidenti Antonio Koşta bəyanatında bildirib. O, bu həftə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

"Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və dövlətlərarası münasibətlərin qurulması hər iki ölkə və region üçün mühüm addımdır", – Avropa rəsmisi vurğulayıb.

Avqustun 14-də A.Koşta Azərbaycan prezidenti İ.Əliyevə zəngində də Vaşinqtonda əldə edilmiş razılaşmaların həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib

Prezident Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəmini vurğulayıb.

N.Paşinyan isə A.Koşta ilə telefon söhbətində deyib ki, yaranmış sülh Ermənistan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi üçün yeni investisiya imkanları açır.

Tərəflər Ermənistan-Aİ gündəliyindəki məsələləri, 2026-cı ilin yazında Ermənistanda Avropa Siyasi Birliyinin sammitinin təşkili ilə bağlı məsələləri də müzakirə ediblər.

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ prezidentinin şahidliyi ilə bəyannamə imzalanıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb və regional nəqliyyat dəhlizi ilə bağlı razılıq əldə olunub. Avqustun 11-də Yerevan və Bakı eyni vaxtda 17 bənddən ibarət, Vaşinqtonda paraflanmış sülh sazişi sənədini açıqlayıblar.