Sabah - avqustun 15-də ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada müharibəyə son qoymağı müzakirə etmək üçün Alyaskada bir araya gələcək. Bu görüş sayəsində onlar həm əməkdaşlıq, həm rəqabət, həm də dərin rəmzi mənası olan bir məkanda görüşəcəklər.
Sammitin keçiriləcəyi yeri elan edərkən Tramp bildirib ki, onun Putinlə danışıqları 45 aylıq münaqişənin Ukrayna ilə Rusiya arasında ərazi kompromisi ilə həllinə yönələcək.
Tramp avqustun 8-də Ağ evdə jurnalistlərə deyib: "Biz bəzi torpaqları geri alacağıq və bəzilərini dəyişdirəcəyik".
"Hər iki tərəfin xeyrinə bəzi ərazilərin mübadiləsi olacaq", - o əlavə edib.
Moskva ilə Vaşinqtondan bərabər məsafədə
Soyuq müharibə dövründə silah danışıqlarında iştirak etmiş keçmiş ABŞ diplomatı Bill Kortninin fikrincə, Alyaskanın seçilməsinin əsas səbəbi onun coğrafiyası ilə bağlıdır. O bildirib ki, ştat Vaşinqton və Moskva arasında təxminən bərabər məsafədə yerləşir, və bu, logistika baxımından əlverişli bir şərait yaradır.
"Alyaska elə bir imkan yaradır ki, bu, sizə sanki Moskva ilə Vaşinqton arasında təxminən eyni məsafədəymiş kimi görünür", - Kortni AzadlıqRadiosuna deyib. "Putin və Trampın səfərləri təxminən bərabər məsafəni əhatə edir".
Nyu-Heyven Universitetinin daxili təhlükəsizlik və beynəlxalq əlaqələr üzrə professoru Metyu Şmidtin fikrincə, Putin üçün sammitin yeri incə, lakin əhəmiyyətli qələbədən xəbər verir.
Professor qeyd edib ki, Rusiya mətbuatı sammitin 1867-ci ildə ABŞ-yə 7.2 milyon dollara satılana qədər vaxtilə Rusiya ərazisi olan yerdə keçirilməsi seçimini qiymətləndirib.
Şmidt deyib ki, Alyaska böyük güclərin orada yaşayanları nəzərə almadan əraziləri necə asanlıqla dəyişdirdiyinin rəmzidir.
Təhlükəsizliyə nəzarət etmək daha asandır
Ferbenksdə Alyaska Universitetinin Arktik təhlükəsizlik üzrə professoru Troy Buffarın sözlərinə görə, seçim məsələsində təhlükəsizlik də mühüm amildir. Alyaska ABŞ ştatları arasında əhali sayına görə 48-ci yerdədir və təxminən 730 min sakini var. Bu isə ABŞ-nin əksər yerləri ilə müqayisədə daha az təhlükəsizlik problemi deməkdir.
O bildirib ki, ştatın ən böyük şəhəri olan və sammitə ev sahibliyi edəcəyi gözlənilən Ankoric şəhəri yüksək səviyyəli logistik imkanlara malikdir. Şəhərin təhlükəsizliyini həmçinin ABŞ Hərbi Hava Qüvvələri və quru qoşunları personalının yerləşdiyi Birgə Elmendorf-Riçardson Bazası dəstəkləyir.
"Ankoricdə marşrutları, küçələri və binaları bağlamaq heç də çətin deyil", - Buffar deyib.
Putin ABŞ-də heç da populyar deyil və iyunda dərc edilmiş "Pew" araşdırma mərkəzinin sorğusu göstərir ki, amerikalıların 84 faizi Kreml liderinin qlobal məsələlərdə düzgün addım atacağına az inanır və ya heç inanmır.
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) müharibə cinayətlərinə görə Putin barədə verdiyi həbs orderi sammitin üçüncü ölkədə keçirilməsini çətinləşdirib. BCM-ə 125 dövlət üzvdür və Putin onların ərazisinə ayaq basarsa, bu ölkələr onu həbs etməlidir. ABŞ BCM yanında iştirakçı ölkə deyil.
Buffar deyib ki, Putinin ABŞ-də görünməsi yaxşı qarşılanmayacaq, amma bu görüşü Vaşinqton D.C.-də etməyə çalışsaydılar, "vəziyyət həqiqətən, çox pis olardı".
On milyonlarla amerikalı ABŞ paytaxtına bir neçə saatlıq məsafədə yaşayır və bu, Putinə və onun Ukraynadakı müharibəsinə qarşı olanların belə bir səfərə etiraz olaraq Vaşinqtonda böyükmiqyaslı nümayişlər təşkil etməsini asanlaşdırır.
ABŞ-nin materik hissəsindəki ən yaxın ştatlardan Alyaskaya getmək üçün isə amerikalılar Kanada vasitəsilə minlərlə mil məsafəni qət etməlidirlər. Alyaskaya daxili uçuşlar ABŞ-də ən bahalı uçuşlardandır. Cəmi bir həftə əvvəlcədən xəbərdarlıqla mövcud təyyarə biletləri tapmaq çətin olacaq.
Buffar bildirib ki, buna baxmayaraq, etirazçıların Ankoricdə yollarda Ukrayna bayraqları və ya Ukrayna bayrağının rənglərində plakatlarla toplaşacağı barədə danışılır.
Kortni isə deyib ki, Putinin hər hansı bir etiraz görüntüsündən uzaq tutulması üçün o, Rusiya prezidentinin "bir barama kimi" sarınacağını gözləyir.
Əməkdaşlıqdan qarşıdurmaya
Alyaska həmişə ABŞ ilə Rusiya arasındakı münasibətlərdə mühüm yer tutub. İkinci Dünya müharibəsi zamanı Alyaska "Lend-Liz" proqramında həyati əhəmiyyətli bir bağlantı idi. Sovet pilotları ABŞ istehsalı olan təyyarələri Alyaskada təhvil alır və onları Berinq boğazı üzərindən Rusiyaya uçururdular. Təxminən 8 min təyyarə Alyaskanın qərbində yerləşən liman şəhəri Nomdan Rusiya cəbhəsinə bu marşrutla gedib.
Bu əməkdaşlıq 1945-ci ildən sonra qarşıdurma ilə əvəzlənib. Soyuq müharibə dövründə Alyaska Moskvanın qarşısında sədd kimi hərbiləşdirilib, burada qırıcılar və radiolokasiya məntəqələri yerləşdirilmiş bazalar fəaliyyət göstərib. Bu gün isə Alyaska ABŞ-nin ən böyük müasir qırıcı təyyarə donanmasına ev sahibliyi edir və raketdən müdafiə şəbəkəsinin əsas dayaqlarından biridir.
Zəngin resurslara malik Arktika bölgəsində buzların əriməsi və nəqliyyat marşrutlarının açılması ilə böyük güclər arasında rəqabət qızışdıqca köhnə gərginliklər geri qayıdır. 2021-ci ildə Alyaskada yüksəkrütbəli bir komandir bildirib ki, Alyaska Hava Müdafiə Tanıma Zonası yaxınlığında və ya onun daxilində Rusiya təyyarələrinin qeydə alınması postsovet dövründə ən yüksək həddə çatıb.
Rusiya bombardmançı və kəşfiyyat təyyarələri hələ də mütəmadi olaraq sərhədi yoxlayır. Ən son belə müdaxilə bu ilin iyulun 22-də baş verib. Bu isə son yeddi ay ərzində beşinci hava müdaxiləsidir.
ABŞ-nin bəzi rəsmiləri hazırda Rusiya və Çinin artan hərbi mövcudluğuna qarşı Alyaskanın Aleut adaları zəncirində Soyuq müharibə dövrünə aid hərbi obyektlərin yenidən bərpasına çalışır.
Putinin Trampı razı salmaq üçün potensial səyləri çərçivəsində onun Alyaskaya diqqət yetirə biləcəyi, buranı Rusiya ilə ABŞ-ni yaxınlaşdıran məkan kimi təqdim edə biləcəyi bildirilir. Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Alyaskanı iki ölkənin paylaşdığı Arktika sərhədini əks etdirən "simvolik məkan" adlandırıb.
"Rusiya və ABŞ bir-biri ilə həmsərhəd olan yaxın qonşulardır", - Uşakov videomüraciətində bildirib.
Sammitin sülhlə bağlı real irəliləyişə nail olub-olmamasından asılı olmayaraq, Alyaska üçün bu, qlobal diqqət mərkəzində olduğu nadir məqamlardan olacaq.
Məqaləni AzadlıqRadiosunun aparıcı müxbiri Todd Prins hazırlayıb.