Keçid linkləri

2025, 14 Avqust, Cümə axşamı, Bakı vaxtı 20:55

Trampdan xəbərdarlıq: Müharibə bitməsə, Rusiya üçün 'çox ağır' nəticələr olacaq


Donald Tramp
Donald Tramp

Rusiyalı həmkarı Vladimir Putinlə sammitə iki gün qalmış ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmasa, "çox ağır" nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib.

Tramp Moskvanın Ukraynada 3 il yarımdan artıqdır davam edən müharibəyə son qoymayacağı təqdirdə hansı nəticələrlə üzləşə biləcəyi barədə heç bir təfərrüat verməyib. Avropa liderləri və Ukrayna prezidenti isə avqustun 13-də Trampla videokonfransdan əvvəl açıqlamalarında Vaşinqtonu Avropanın və Ukraynanın fundamental təhlükəsizlik maraqlarını qorumağa çağırıb.

Tramp deyib ki, "məqsəd müharibəni bitirməkdir".

Trampın açıqlamasından əvvəl isə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ABŞ prezidenti və Avropa liderləri ilə keçirdiyi müzakirəni "çox yaxşı" adlandırıb, Almaniya kansleri Fridrix Merts isə videokonfransı "konstruktiv" kimi xarakterizə edib.

Tramp da videokonfransın "çox yaxşı" keçdiyini deyib.

"Ümid edirik ki, (Tramp-Putin) görüşündə əsas mövzu atəşkəs olacaq. Dərhal atəşkəs", - Zelenski videokonfransdan sonra Berlində kansler Mertslə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Tramp və Putin arasındakı danışıqlar İkinci Dünya müharibəsindən bəri Avropadakı ən böyük münaqişəyə son qoymağa həll tapmağa yönəlib. Tramp bildirib ki, şiddətli döyüşlərə son qoymaq üçün hər iki tərəf ərazi mübadiləsinə getməli olacaq. Bu döyüşlər hər iki tərəfdən on minlərlə insanın həyatına son qoyub və milyonlarla ukraynalı qaçqına və məcburi köçkünə çevrilib.

Vaşinqton müharibəyə son qoymaq üçün Kiyev və Moskvanı böyük güzəştlərə hazırlayır kimi görünür. ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens xəbərdarlıq edib ki, istənilən sülh razılaşması, çox güman ki, hər iki tərəfi "narazı" qoyacaq.

'Heç nə gözləmirəm' - Ukraynalıların Tramp-Putin görüşünə reaksiyası
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Avropa Ukrayna üçün etibarlı təhlükəsizlik təminatının vacibliyini vurğulayır

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Tramp avqustun 13-dəki onlayn müzakirədə atəşkəsə nail olmaqla bağlı "çox aydın" mövqeyini ifadə edib. Makronun sözlərinə görə, Tramp açıq şəkildə bəyan edib ki, "Ukrayna ilə bağlı ərazi məsələləri... yalnız Ukrayna prezidenti tərəfindən danışıla bilər".

Makron qeyd edib ki, Tramp həmçinin Zelenskinin də iştirak edəcəyi gələcək üçtərəfli görüş keçirməyə çalışacaq.

"Hazırda masada ciddi ərazi mübadiləsi sxemləri yoxdur… Məncə, bu, çox mühüm məqamdır. Ümid edirik ki, görüş bütün tərəflər üçün məqbul olan, Avropada yerləşən neytral bir ölkədə keçirilə bilər", - prezident Makron əlavə edib.

Avropa liderləri avqustun 13-də bəyanat yayaraq Ukraynada qətllərin dayandırılması, "Rusiyanın təcavüzkar müharibəsinə son qoyulması və ədalətli, davamlı sülhün əldə olunması" istiqamətində Trampın səylərini alqışladıqlarını bildiriblər. Amma onlar bir daha vurğulayıblar ki, "Ukraynada sülhə gedən yolu Ukraynasız həll etmək olmaz".

Əgər Trampın Ukraynanın prosesə cəlb olunmasında israrı təsdiqlənərsə, bu, həm Avropanın, həm də Kiyevin qorxularını azaltmağa kömək edəcək. Bu qorxu isə iki supergücün liderlərinin Avropa və Ukraynanın təhlükəsizlik maraqlarını qurban verən və Ukrayna ərazilərinin Moskvaya verilməsini təklif edən bir razılığa gəlmək ehtimalı ilə bağlıdır.

"Görünür, Trampın yanaşması bəzilərinin əvvəlcə qorxduğundan daha çox avropalıların mövqeyi ilə üst-üstə düşür", - bir Avropa rəsmisi zəngdən sonra AzadlıqRadiosuna bildirib.

Rusiya Zelenski ilə görüş ideyasına soyuq yanaşır və bunun yalnız tərəflər atəşkəs sazişi deyil, sülh sazişi imzalamağa yaxın olanda mümkünlüyünü bildirir. Həmçinin ərazi və təhlükəsizlik də daxil olmaqla bir sıra əsas məsələlər üzrə Rusiya və Ukraynanın mövqeləri arasındakı ciddi fikir ayrılığı davam etdiyindən bu görüş hələ uzaqda görünür.

Danışıqlar həlledici bir məqamda baş tutur. Belə ki, Tramp getdikcə Putindən daha çox narazı qalır, Rusiya prezidenti isə Kremlin maksimalist tələblərindən geri çəkilməklə bağlı heç bir siqnal vermir. Tramp və Putin indiyə qədər altı dəfə telefonla danışıb və Ağ evin xüsusi nümayəndəsi isə ən azı üç dəfə Moskvaya səfər edib.

Putinlə şəxsən görüş qərarı Trampın Rusiya lideri ilə münasibətlərinin davamlı sülh razılaşması əldə edəcəyinə olan inamını əks etdirir.

"Ukraynaya dəstəyimizin sarsılmazlığı ilə bağlı baş nazir aydın mövqe ortaya qoyub. Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilməməlidir və Ukrayna istənilən razılaşmanın bir hissəsi kimi ərazi bütövlüyünü qorumaq üçün möhkəm və etibarlı təhlükəsizlik zəmanətlərinə malik olmalıdır", - bunu Böyük Britaniya baş nazirinin ofisi baş nazir Kir Starmerin videokonfrasda iştirakından sonra bildirib.

Avropa liderləri adından Aİ Şurasının yaydığı bəyanatda isə Ukraynanın güclü və etibarlı təhlükəsizlik təminatlarına malik olması vurğulanıb və qeyd edilib ki, "İstəklilər koalisiyası" fəal rol oynamağa hazırdır.

XS
SM
MD
LG