ABŞ-dən Rusiya və İrana "Tramp yolu" xəbərdarlığı
Dövlət Departamentinin sözçüsü Temmi Brüs "Tramp marşrutu"na qarşı çıxanlara xəbərdarlıq edib: "Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz, yaxud edə bilməyəcəyimiz barədə ehtimallar irəli sürməyəcəyəm. Bütün dünya bilir ki, prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu saziş onun üçün vacibdir".
Rusiya 'Tramp marşrutu'nu öyrənir
Nə Rusiya, nə Ermənistan, nə də Azərbaycan 2020-2022-ci illərin üçtərəfli bəyanatlarından çıxdıqlarını bəyan edib.
Bunu avqustun 13-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.
Onun sözlərinə görə, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətlərində tərəfdaşlara yardım göstərməyə hazırdır, bunu Rusiya rəhbərliyi dəfələrlə bəyan edib.
"Tramp marşrutu"na gəlincə, Fadeyev vurğulayıb ki, təfərrüatları hələlik açıqlanmayan bu layihəni Rusiya XİN araşdıracaq.
Fadeyev Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın avqustun 9-da verdiyi bəyanatı mahiyyətcə təkrarlayıb. "...Regiondankənar qüvvələrin cəlb edilməsi sülh gündəminin möhkəmləndirilməsinə çalışmalı və yeni ayırıcı xətlər yaratmamalıdır", - o vurğulayıb.
Pezeşkian da 'Tramp yolu'ndan danışıb
İran prezidenti Məsud Pezeşkian deyir ki, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin "Tramp yolu" (TRIPP) barədə sazişi İranın tələblərinə cavab verir.
"İslam respublikasının nəzərdə tutduğu kimi, ərazi bütövlüyünün qorunması, Avropa ilə əlaqənin qurulması, onun şimaldan ayrılmaması bu məsələdə nəzərdə tutulub", – "Mehr" agentliyi prezidentə istinadla yazır.
"Yeganə narahatlıq bu yolu Ermənistan və Amerika şirkətlərinin tikmək istəyidir", – o əlavə edib.
Tehran 'Tramp yolu'na etirazını bildirir
"İran Rusiya ilə olsa da, olmasa da Qafqazda Amerika dəhlizinin inşasının qarşısını alacaq. Bu dəhliz regionun təhlükəsizliyinə təhdiddir, onun geosiyasi xəritəsini dəyişir", – bunu "Tasnim" agentliyinə müsahibəsində İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.
Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyir ki, İranın Azərbaycanın onun ərazisindən Naxçıvana mal daşımasına icazə verməyə davam edəcəyi sual altındadır: "İranın yerində olsaydım, buna icazə verməzdim, çünki bu, mesaj göndərmək üçün bir təzyiq vasitəsidir. Onlar başqa addımlar da ata bilərlər. Məsələn, sərhəddə hərbi təlimlər keçirmək, Xəzərdə fəaliyyət göstərmək və s. Rusiya və İran həm Azərbaycanın "Orta dəhliz" planına, həm də enerji əməliyyatlarına təzyiq göstərə bilər".