2024-cü ilin yazında Belarus hökuməti Vitebskdəki "Manalit" radio komponentləri zavodunu "qabaqcıl iqtisadi nəticələrinə görə" Respublika Şərəf Lövhəsinə daxil edib. Zavod ardıcıl olaraq ikinci dəfə idi ki, bu mükafata layiq görülürdü.
Rusiyaya məxsus, Belarusda fəaliyyət göstərən "Manalit"in mükafatlandırılması zavodun Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə istifadə etdiyi raketlər, radarlar və təyyarələr üçün etibarlı elektron komponentlərin əsas təchizatçısına çevrilməsi ilə eyni dövrə təsadüf edib.
Rusiyanın Ukraynaya qarşı 2022-ci ilin fevralında başlayan genişmiqyaslı hərbi hücumunun ilk iki ilində "Manalit"in illik mənfəəti təxminən altı dəfə artıb və bu artım, demək olar ki, tamamilə Rusiyaya hərbi ixracdan qaynaqlanır.
"Manalit"in taleyi Belarusun ağır sənayesindəki bir çox müəssisənin taleyi ilə eyni idi. Sovet dövründə keramika kondensatorlarının əsas istehsalçısı kimi yaradılan zavod 1990-cı illərdə tələb kəskin azaldığı üçün böhranla üzləşib. 2009-cu ilədək zavod, demək olar ki, bağlanmaq üzrə idi.
Zavodun xilas yolu 2011-ci ildə onun keçmiş rəqibi olan Sankt-Peterburqdakı "Kulon" zavodundan gəlib. Rusiyalı investorlar 51 faiz nəzarət payını əldə edərək "Manalit"i, demək olar ki, Rusiyanın müdafiə sənayesi üçün xarici istehsal bazasına çeviriblər.
Müharibə üçün kondensatorlar
"Manalit" xüsusi davamlılığa malik çoxqatlı keramika kondensatorlarının istehsalı üzrə ixtisaslaşıb və bu kondensatorlar hərbi və kosmik tətbiqlərdə istifadə üçün sertifikatlaşdırılıb.
"İstehsalımızın 97 faizi Rusiyanın müdafiə sənayesinə xidmət edir", - 2020-ci ilin noyabrında "BelTA" dövlət xəbər agentliyi "Manalit"in direktoru Alyaksandr Şumaxerdən sitat dərc edib.
2024-cü ildə Vitebsk Regional İcraiyyə Komitəsinin sədri Alyaksandr Subotsin qeyd edib ki, zavod "sistemli şəkildə fəaliyyət göstərir" və son iki ildə göstərdiyi nəticələrdən "məmnun olmamaq mümkün deyil".
"Manalit"in K10-84 seriyasından olan kondensatorları istehlak elektronikası üçün nəzərdə tutulmayıb. Onlar raket idarəetmə sistemlərində, radarlarda, elektron müharibə modullarında və nüvə nəzarət sistemlərində istifadə olunur. Bu sistemlərdə kondensatorun sıradan çıxması missiyanın və ya silahın itirilməsi demək olar.
Sanksiyalardakı boşluq
2014-cü ildə Ukraynaya məxsus Krımın ilhaqından sonra Rusiyaya tətbiq olunan Qərb sanksiyaları bu ölkənin hərbi məqsədlər üçün vacib olan qabaqcıl Qərb elektronikasına birbaşa çıxışını kəsib.
Amma Belarus 2022-ci ilə qədər eyni məhdudiyyətlərə məruz qalmayıb. Təxminən səkkiz il ərzində "Manalit" bu boşluqdan istifadə edərək Avropa və ABŞ-dən avadanlıq və materiallar idxal edib, sonra tamamlanmış komponentləri Rusiyaya göndərərək qadağan olunmuş Qərb elektronika hissələrini əvəz edib.
Hətta bu gün Aİ və ABŞ sanksiyalarına baxmayaraq, "Manalit"ə Sloveniyanın KEKO istehsal xətlərini almağa, onları yapon "Pro-face" idarəetmə panelləri (Fransanın "Schneider Electric" şirkətinə məxsusdur) ilə təchiz etməyə və kondensator istehsalı üçün Amerikanın qiymətli metal tozlarının tədarükünə davam etməyə icazə verilir.
Müharibənin səbəb olduğu dağıntılardakı sübutlar
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) mütəxəssisinin sözlərinə görə, "Manalit" istehsalı olan K10-84 kondensatorları Rusiyanın "İskəndər" ballistik raketlərində, "Kalibr" qanadlı raketlərində, X-101 havadan buraxılan qanadlı raketlərində, S-200 və S-300 hava hücumundan müdafiə raketlərində, eləcə də "Zoopark" artilleriya əleyhinə radar sistemlərində tapılıb.
""X-101" raketlərindəki hava təzyiqi sistemi, bütün kondensatorlər və mikroçiplərin 80 faizi Belarus istehsalıdır. 2024-cü il model "İskəndər"lərin idarəetmə bloklarına gəlincə, onlarda, demək olar ki, hər bir kondensator "Manalit"dəndir", - mütəxəssis AzadlıqRadiosuna deyib.
Kremllə əlaqələr
"Manalit"in Rusiyaya ixracı yeganə diler vasitəsilə həyata keçirilir və bu da Rusiya Müdafiə Nazirliyinin əsas tədarükçüsü olan "Spetselektronkomplekt"dir (SpecEk).
AzadlıqRadiosu və Belarus Araşdırma Mərkəzinin əldə etdiyi gömrük məlumatları göstərir ki, 2022-ci ilin oktyabrından 2025-ci ilin martına qədər "Manalit" zavodu "SpecEk"ə 43 milyon dollar dəyərində mal göndərib ki, bunun da 96 faizi keramik kondensatorlardır.
"SpecEk" Rusiyanın qapalı müdafiə podratçıları reyestrində qeydiyyata alınıb və təchizatçı kimi onun Rusiyadakı tərəfdaşları bunlardır: "Rostec" - 350 müdafiə müəssisəsini birləşdirən qurum, Rusiyanın dövlət silah sifarişlərinin 40 faizini istehsal edir; "Almaz-Antey" - S-300, S-400, "Buk" və "Tor" raket sistemlərinin istehsalçısı; KRET - Elektron müharibə sistemləri; UAC – "Su", "MİQ" və "Tupolev" təyyarələri; Taktik Raketlər Korporasiyası – "X-101" də daxil olmaqla dəqiq raketlər; "UralVagonZavod" - Əsas döyüş tankı istehsalı; Rusiya helikopterləri – "Mi-8", "Ka-52", "Mi-35" döyüş helikopterləri.
Müharibə gəlirləri, sanksiyalar
2022-ci ildə tammiqyaslı müharibə başlamazdan əvvəl "Manalit"in illik gəliri 1.4 milyon dollar idi. 2024-cü ilə qədər xalis gəlir 6.2 milyon dollara çatıb. Şirkətin gəliri son beş ildə 460 faizdən çox artıb.
Belarusdakı bu zavod İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən qanlı münaqişədən rekord gəlir əldə edib.
2023-cü ilin mayında Ukrayna "Manalit"ə "Rusiyanın hərbi təcavüzünə birbaşa yardım etdiyinə görə" sanksiya tətbiq edib. Ancaq nə Aİ, nə də ABŞ oxşar addımı atıb və "Manalit"ə Qərb təchizatçılarına açıq çıxış imkanı verib.
Bu, faktiki olaraq "Manalit" zavodunu "sanksiya keçid qapısı"na çevirib. O, Belarus hüquqi şəxsi kimi Qərb texnologiyasını Rusiyanın hərbi sektoruna çatdırır.
2011-ci ildə Rusiyanın nəzarətinə keçəndən bəri "Manalit" Qərb avadanlığı ilə modernləşdirilib, Avropa və ABŞ xammallarına açıq çıxış əldə edib və Rusiyanın hərbi sertifikatını qazanıb. O, həmçinin Ukraynanın bir çox şəhərlərini vurmuş raketləri kondensatorlarla təchiz edib.
Qərb hökumətləri yeni sanksiyaları müzakirə edərkən, Belarusun sakit bir zavodunda istehsal olunan kondensatorlar Vitebskin konveyerlərindən Rusiyanın raket istehsal müəssisələrinə və, nəhayət, Ukrayna səmalarına doğru səyahətlərinə davam edir.
Yazını AzadlıqRadiosunun Belarus xidməti hazırlayıb.